Dilimiz tariximizin şəhadətidir
Bir daha İrəvan toponiminin tarixi haqda
Bu gün hayların yaşadığı coğrafi ərazi heç vaxt erməniyə aid olmayıb. Bu ərazilər tarix boyu türk yurdu kimi tanınıb və qəbul edilib. Bunu deməklə əslində kiməsə tarix dərsi keçmək fikrində deyiləm. Sadəcə olaraq tarix bunu sübut edir, edib, edəcək. İrəvanın tarixi və bölgədəki yer-yurd adları, bu yerlərin aborigen əhalisi azər, türk boyları ərazinin erməniyə heç bir aidiyyatı olmadığını sübut edir. İrəvan -indi olub Yerevan, bütün qədim türkün yaşadığı ərazi də Ermənistan. Dənizdən-dənizə böyük Ermənistan xülyasına düşən erməni bəlkə də böyük türkün şanlı tarixindən xəbərsiz deyil. Amma erməni məkri, hiyləsi artıq uzun müddətdir ki, torpaqlarımızın erməniləşdirilməsi siyasətini özünə məqsəd tutub. Zaman-zaman İrəvandakı yer-yurd, kənd, çay adları erməniləşdirildi.
Bu azmış kimi, erməni alimləri indi də ümumən Azərbaycan dilini şübhə altına almağa çalışır, Azər etnosunun fars mənşəli olduğunu sübut etməyə cəhd göstərirlər. Professor Firudin Cəlilov əməkdaşlarımızla söhbətində bu məsələyə aydınlıq gətirib:
- Belə yazıların müəllifləri peşəkar alimlər deyil. Əgər içərilərində professionallar varsa, bunlar da siyasi sifarişlə işləyənlərdi. Azər etnosunun farsa dəxli yoxdur, ona görə ki, farsların ulu əcdadlarının bugünkü İrana, fars körfəzi ətrafına gəlmə tarixi bəllidir. Bunu iranşünaslar da, dünya elmi də qəbul edir. Heç kim də, bunun əksinə getmir. İran dilli tayfalar bu ərazilərə ən tezi miladdan öncə 9-8-ci əsrdə gəliblər. Amma Azər sözünün Güney Azərbaycanda, Assur qaynaqlarında, yazılı qeydə alınması bir neçə əsr qabaqdır. Təkcə bu fakt, xronoloyi sistem baxımdan onu göstərir ki, Azər sözü irandilli ola bilməz. Digər maraqlı bir fakt da budur ki, hətta Qurani-Kərimdə İbrahim Peyğəmbərin atasının adı Azər kimi verilib. İbrahim Peyğəmbərin də Güney Azərbaycandan hicrət etməsi haqqında tarixi qaynaqlarda bilgilər var.
Azər sözünün başqa dillərə aid olmasını sübut eləyəsi bircə dəlil də yoxdur. Onu da demək lazımdır ki, başqa dillərdə türk sözlərindən geniş istifadə edilir. Bu gün ingilis dilində »yogurt« sözü işlənir. Bu ingilis sözü deyil. Bu bizim doğma sözümüzdür. Vaxtı ilə ingilislərin dilinə keçib.
- Əsərlərinizdə qeyd edirsiniz ki, İrəvan, İrəvan ətrafı bölgələrin əhalisi əsasən Azərilər olub. Bu iddianın arxasında hansı elmi dəlillər dayanır?
- Adətən İrəvan sözünü, Rəvanqulu xanın adıyla bağlayırlar. Rəvanqulu xandan 2 min il əvvəl bu şəhər mövcud idi. İrəvan sözündən başlayım. İrəvan sözü qədim türkcədədir. Amma şəkilçisi türkcə deyil. Ona görə ki, o şəhəri salanlar türk ölkəsində salıblar, amma bu şəhəri salanlar urartululardı. Miladdan öncə 8-ci əsrdə urartulular Araz çayını keçib, Güneydən gəlib İrəvan çuxuru adlanan ərazini zəbt ediblər. Daşların üzərində yazılar qoyublar ki, biz bu düşmən ölkəsini zəbt elədik. Düşmən ölkəsinin də adını Az- ölkəsi kimi verirlər. Yəni Az tayfalarının ölkəsini düşmən ölkəsi hesab edirlər, bu düşmən ölkəsinə gəlib bir neçə qalalar da tikirlər. Bu qalalar sonralar şəhərlərə çevrilir. Məsələn, indiki Artaşatın yerində Argiştixilini şəhərini salırlar. İndiki İrəvan şəhərinin yerində İripuni şəhərini salırlar. Bu qalaları salanlar bayaq dediyim kimi urartulular idi. Argişti urartuluların şəhərinin adıdır. O vaxt yerli tayfaların dilində İripuni »ər evi, əsgərlər evi« anlamına gəlib çıxır. İrəvan çuxurunun tarixinə nəzər salanda görürük ki, Azəri türklərinin ulu babaları ən qədim vaxtlardan burada yaşayıblar.
İrəvan çuxuru adına gəldikdə isə, buna bəzən çuxur-oba, çuxur-sədd də deyiblər. Hətta Urartu qaynaqlarında Quarliki kimi qeyd edilir. Quarliki, çuxur oba, çuxur sədd anlamındadır. Erməni yazılarında bu ərazinin adı çuxur-sakat gedir. Sakat da qədim sak tayfalarının adıyla bağlıdır. Ən maraqlısı da odur ki, arxeoloyi qazıntılar zamanı Yesseyan və Poqrebov adlı arxeoloqlar skif, sak, mədəniyyətinin izlərini arayıb və onun xəritəsini veriblər. Bu arxeoloqların verdiyi xəritə miladdan öncə 7-6-5 əsrləri əhatə edən dövrdə Sak arxeoloyi mədəniyyətini göstərən xəritədi. Bu xəritədəki nöqtələrin hamısı Dədə-Qorqud boylarında adı gedən coğrafi ərazilərin adını əhatə edir. Bu, onu göstərir ki, Dədə Qorqud oğuznamələri o vaxt həmin bu oğuz tayfaları olan sakların içində yaranıb və bu dövlətin mərkəzi Göyçə gölü ətrafındadı, ancaq sərhədləri genişdir: Borçalıdan, Axıskaya, Azərbaycanın Şərq bölgələrindən, Urmiya gölünə qədər. İndi bu ərazilər, təkcə Sakların yaşadıqları ərazilər yox, bütöv Azərbaycanın ərazisi kiçildilib.
- Firudin müəllim, siz Göyçədəki »Bəlgə« daşı deyilən abidənin üzərindəki qədim yazını oxumusunuz; nədən xəbər verir o mətn?
- »Azər xalqı« kitabının axırıncı nəşrində bu haqda məlumat vermişəm. Azərbaycanda yazı nümunələri damğalardan başlayır. Bu damğalar təkcə Azərbaycana deyil, bütün türk etnosuna aiddir. İlk yazı nümunələri damğalardan başlayır, sonra isə yazıya çevrilir. Müəyyən dövrlərdə Azərbaycanda müxtəlif əlifbalar işlənib. Bunun qalıqları indi də tapılır. Hətta Aramey əlifbasına, yunan əlifbasına, Qobustanda latın əlifbasına, hətta mixi yazılara da rast gəlmək olur. Amma yenə deyirəm, yazı nümunələrimizin - ən qədimi damğalardı. Bu yazılar-damğalar o vaxtlar orta Asiyaya qədər yayılıb. Azərbaycanda bu yazıların bərk cism üzərində yazılmış nümunələri çoxdur. Bir də var runik yazılar. Runik yazıları bu günə qədər yaşadan bizim xalçalarımızdı. Xalçalarda runik yazıların kolleksiyası öz əksini tapır. Azərbaycan ərazisində qədim yazıları işləyərkən əlimə Aramey hərfləri ilə yazılmış bir-iki bilgi keçdi. Sonra bunun haqqında çox yazılar oxudum. Daş üstəki yazıları Əlisa Şükürov da, rəhmətlik Həmzə Vəli də, digər alimlər də oxuya bilmişdilər. Hamı bunun Aramey əlifbasında yazıldığını etiraf edir. Doğrudan da bu hərflər Aramey əlifbasının hərfləridi. Aramey əlifbası da Azərbaycanda bir müddət işlənib. Hətta əhəmənilər dövlət quranda ilk yüz il ərzində hakim dil Aramey dili olub.
Yəni bu Aramey dili saray dili idi. Bütün regionda da yayılmışdı. Bu yazını o zaman Ərməniyyə kimi təsniflənən coğrafi ərazidə ilk dövlət quran Artaşest adlı şəxsin adı ilə bağlayırlar (haylar bu ölkəyə sonradan gəldilər - red.). Artaşest Selevki dövlətinin canişinlərindən biri idi. O vaxt Selevki sülaləsi məğlub olub dağılanda Artaşest özünü müstəqil dövlətin çarı kimi elan elədi. Qədim yazılar isə Göyçənin iki kəndindən tapılıb. O yazılar Artaşestin mərz daşlarının, yəni sərhəd daşlarının üzərindəki yazılardı. Bu daşlardan biri 1906-cı ildə, digəri isə 1932-ci ildə tapılıb. Bu yazıları alimlər zaman-zaman oxumaq istəyiblər. Aramey əlifbasında tapılan bu yazı Artaşestin dövründən qalma yazı olduğu üçün ilk cümlədə də, Artaşestin adı gedir. Yunan deyim formasında, Artaxşose. Bu yazının Aramey əlifbası olması, daşın Artaşest dövründən qalması qəbul olunur. Amma bu yazını oxumaq mümkün olmayıb. Çünki, ermənilər, fars yozsalar da heç bir məna verməyib. Alimlər etiraf edir ki, bu Aramey əlifbasıyla yazılmış bir yazıdır, amma dili bəlli deyil. Bu yazı nə erməni, nə fars, hətta Aramey dilində heç bir məna vermədi. Bəzi alimlər də deyir ki, guya yerli tayfaların birinin dilində yazılıb. Ancaq heç kimin ağlına gəlməyib ki, bu Göyçə ətrafında tapılıb, ona görə də bunu türkcə oxumaq lazımdır. Bu yazını mən oxuyanda gördüm ki, çox aydın şəkildə yazılıb. Bu Artaşest məliyin mərz daşıdı. Aramey hərfləriylə belə yazılıb: »Artaşaxse Məliy biləyi Yeritir, bunda Qonğuldu«. Bu isə təmiz qədim türkcə danışıq dilidi. Özü də çox anlaşıqlı bir dildi.
Savalan Talıblı
Azərbaycan Radiosu »Xalq yaradıcılığı« redaksiyasının əməkdaşı
|